"Şahdəniz"də qaz hasilatı 35% artıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu ilin yanvar-sentyabr aylarında 12,17 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,2% çoxdur.


Bu barədə Femida.az-a Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, bu ilin III rübündə yataqda 3,79 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik ifadədə 23,6%-lik artım deməkdir.

“Yataqda artım yalnız qaz hasilatında deyil, həm də kondensat hasilatında da qeydə alınıb”, - deyə mənbə qeyd edib.

Belə ki, onun sözlərinə görə, bu ilin ilk doqquz ayında “Şahdəniz”də qaz kondensatının hasilatı 31,3% artaraq 2,58 mln ton təşkil edib. İlin III rübündə isə yataqda 793,2 min ton kondensat istehsal edilib (17,2% artım).

Qeyd edək ki, “Şahdəniz”də qaz və kondensat hasilatının artması yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə birbaşa əlaqəlidir.

"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

Xatırladaq ki, 2018-ci ildə "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 mlrd. kubmetrə çatması qeyd edilib.