“Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidir”

Bu gün İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstə

“Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidir”

Bu gün İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib. "Peyk.AZ" xəbər verir ki, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib.

İqtisadiyyat naziri artıq 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb. M. Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb: "Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd. manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb. Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib". İqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayan nazir sənaye zonalarının və aqroparkların inkişafına diqqət yetiriləcəyini qeyd edib. Bildirilib ki, hazırda sənaye zonalarında 150-200 mln. dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələr bu il Sumqayıt Kimya-Sənaye Parkında fəaliyyətə başlaya bilər.

Nazir ölkəmizin tranzit potensialının daha dolğun reallaşmasına yönələn layihələrin həyata keçiriləcəyini, bu məqsədlə infrastrukturun genişləndirilməsinə sərmayələrin artacağını qeyd edib:

"Hazırki şəraitə gəlincə isə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və davranışlarımız, xüsusilə sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir. Birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək".

Qeyd edilib ki, xarici investisiya fondlarının Azərbaycana marağı müşahidə olunur. Hazırda bu istiqamətdə xarici kapital mənbələri hesabına fəaliyyət göstərən fondların təsis edilməsi istiqamətində danışıqlar aparılır. Sonra tədbirdə Elektron Kredit Platformasının təqdimatı keçirilib.