Şamaxı sakinini döyərək 60 min manat tələb edən Rusiya vətəndaşının məhkəməsi başlayır

Şamaxı sakinini döyərək 60 min manat tələb edən Rusiya vətəndaşının məhkəməsi başlayır
https://www.peyk.az

Şamaxıda vətəndaşı döyərək, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Dünyamalı Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, D. Şahbazov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki,  hadisə bu il  rayonun Şəhriyar qəsəbəsində baş verib.  

 

Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Şahbazov Dünyamalı Şahmurad oğlu Şəhriyar qəsəbəsinin sakini Nübari Nazir Nübarəli oğlunun yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətirib. Həmin şəxs orada N.Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində D.Şahbazov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı D. Şahbazov barəsində Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.