Sami Yusufdan Nəsimi qəzəlinin möhtəşəm ifası VİDEO

Dünya şöhrətli müğənni "Sığmazam"a kompozisiya qurub

Sami Yusufdan Nəsimi qəzəlinin möhtəşəm ifası VİDEO
https://www.peyk.az

Azərbaycan əsilli məşhur britaniyalı müğənni Sami Yusuf İmaməddin Nəsimi yaradıcılığına müraciət edib.

Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib. Dünya şöhrətli ifaçı bu il 650 illiyi qeyd edilən Nəsiminin "Sığmazam" qəzəlinə möhtəşəm kompozisiya qurub.

O, bu ifanı orkestrlə birgə səsləndirib. Orkestrdə 57 nəfər iştirak edib.  Mahnıda sənətçiyə Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə də yoldaşlıq edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.

Sinql bütün platformalarda yayılıb. Ancaq "YouTube"də 15 saat ərzində 100 mindən çox insan tərəfindən izlənilib. 

Qeyd edək ki, S.Yusuf sonuncu albomunu sırf Azərbaycana həsr edib. Albom "Azerbaijan: A Timless Presence" (Azərbaycan: əbədi varlıq) adlanır.

Müğənni Azərbaycanda ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının iştirakçıları arasında olub. O, bildirib ki, Nəsimi haqqında hələ erkən yaşlarımda valideynləri, eləcə də evlərinə gələn musiqiçilər və şairlərdən eşidib. "O, mistik dünyagörüşünə malik dahi şairlərdən və mütəfəkkirlərdən biri olub. Azərbaycan dilində ilk divanların müəllifi kimi tanınsa da, Nəsiminin yaradıcılığının təsiri Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Türkdilli şair kimi şöhrət qazanmış Nəsimi, həmçinin fars və ərəb dillərində yazdığı əsərlərlə də tanınırdı. Nəsiminin dahiliyi ondadır ki, əsərlərindəki mesaj, ifadə və bənzərsiz bəlağət onun yaşadığı dövrə və məkana sığmırdı. Nəsimi yaradıcılığının ilham mənbəyində əbədilik dayandığı üçün əsərləri öz dövründə olduğu kimi, bu gün də aydın başa düşülür".

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib.