Home Siyasət Suriya qərarının arxasındakı SİRLİ TELEFON DANIŞIĞI: Ərdoğan Trampa dedi… – DETALLAR

Suriya qərarının arxasındakı SİRLİ TELEFON DANIŞIĞI: Ərdoğan Trampa dedi… – DETALLAR

101
0

ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxardılması haqqında qərarı qəbul etməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həlledici təsiri olub. “Hürriyyət” nəşrinin yüksək vəzifəli türk məmuruna istinadən yazdığına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarın ilə telefon danışığı zamanı ona Türkiyənin İŞİD terror təşkilatına qarşı mübarizə aparacağına dair söz verib. Nəşr qeyd edir ki, Ankara Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq niyyətinin olduğunu yaxşı bilirdi, amma o, uzun müddətdir ki, Pentaqonu bunu etməyə inandıra bilmirdi. Qəzetin mənbəyinin sözlərinə görə, Tramp dekabrın 14-də telefonla Ərdoğandan soruşub ki, Türkiyə ABŞ qoşunlarının Suriyadan gedəcəyi halda, Fəratın şərqini İŞİD-in qalıqlarından təmizləyə biləcəkmi? Ərdoğan telefon danışığında təsdiq edib ki, kürd qruplaşmaları terror qruplaşması ilə mübarizə aparmır, İŞİD-dən Fəratın şərqində öz siyasi ambisiyaları üçün bəhanə kimi istifadə edir. Türk liderinin sözlərinə görə, onun ölkəsi 2016-cı ildə Suriyanın şimal-qərbində “Fərat Qalxanı”nda olduğu kimi İŞİD-lə mübarizə apara bilər. Qəzetin mənbəyinin məlumatına görə, Ankara dekabrın 17-də Trampın məlum qərarından xəbərdar edilmişdi. “Səudiyyə Ərəbistanı, israillilər, avropalılar, kürdlər və əlbəttə, Pentaqon və Amerika isteblişmentinin başqa hissələri qoşunlarının çıxarılmasına qarşıdırlar”, – qəzetin mənbəyi bildirib. ABŞ-ın YPG-yə verdiyi silahların taleyi naməlum qalır. Nəşr yazır ki, bu, Türkiyə və ABŞ arasında sonrakı hərbi və siyasi danışıqları tələb edir. Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib.

Donald Tramp özünün “Tvitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb. ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib. Mənbələrə istinadən “Röyters” agentliyi bildirib ki, Silahlı qüvvələr 60-100 gün ərzində Susiyadan çıxarılacaq. Xatirladaq ki, dekabrın 17-də Türkiyə prezidenti Donald Trampın Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdiyini bildirib. “Suriyada İŞİD qalmadı, ondan səbəb kimi istifadə edirlər. Biz orada terror dəhlizini yaratmağa icazə verməyəcəyik. Biz Suriyada üç əməliyyat keçirdik, indi növbə Fəratın şərqinə gəldi. Biz bu haqda rəsmən bəyan etdik, Trampla telefonla danışdıq və müsbət cavab aldıq. Fəratın şərqinə terrorçuları müdafiə edənlərə müraciət edirəm: siz səhv edirsiniz, bundan imtina edin”, – Ərdoğan Konyada mitinqdə çıxışında deyib. Prezidentin sözlərinə görə, sərhəd xətti boyunca ABŞ əsgərlərinə zərər verməyəcək şəkildə Suriya torpaqlarında əməliyyat hər an başlaya bilər. Dekabrın 12-də isə Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib. “Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla, Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə fikir ayrılıqlarımız münasibətlərimizin inkişafına mane olmamalıdır”, – Ərdoğan Ankarada çıxış zamanı deyib. O dəqiqləşdirmişdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here