Tərlan Əhmədov: Avtoqol ləqəbi mənim üçün yaxşı reklam oldu

"Açığı, futboldan getmək istəyirdim. Dönəm elə idi ki, insanların futbol baxışı tamamilə dəyişirdi. Bizim nələr çəkdiyimizi heç kim bilmirdi"

Tərlan Əhmədov: Avtoqol ləqəbi mənim üçün yaxşı reklam oldu

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov futbolçu karyerasında ona verilən "avtoqol" ləqəbindən danışıb.

49 yaşlı mütəxəssis "Report"a müsahibəsində belə bir ləqəbin ;Azərbaycan millisinin Bakıda ;İtaliya ilə keçirdiyi AVRO-2004-ün seçmə oyununda onun öz qapısına qol vurması səbəbindən ;verildiyini bildirib.

Veteran müdafiəçi bu cür səhvlərin normal hal olduğunu söyləyib: ;"Bizim işimizdə səhv və xatalar qaçılmazdır. Bu, təkcə iş həyatımızda deyil, şəxsi həyatımızda da baş verir. Həmin səhv İtaliya ilə oyunda baş vermişdi. Komanda yoldaşımın səhvini sığortalamaq istəyərkən topu öz qapımızdan keçirdim. Amma bu, artıq keçmişdə qalıb. Məndən dahi futbolçular, dünya çempionları, Çempionlar Liqasının qalibi olan, adlarını dünya futbol tarixinə qızıl hərflərlə yazdıran oyunçular belə, bu səhvləri ediblər. Mən heç vaxt etdiyim hərəkətə görə peşman olmamışam. Nə də etdiyim yaxşılıqlarla fərəh duymamışam". ;

Azərbaycanlı futbolçular arasında Əhmədovdan daha çox ;avtoqol müəllifi olmuş kifayət qədər oyunçu var. Baş məşqçi bu ləqəbin niyə məhz ona verilməsinin səbəbini də açıqlayıb: "Sovet dövründən qalan Vidadi Rzayev, Yunis Hüseynov, Vəli Qasımov, Nazim Süleymanov kimi as futbolçular ;karyeralarını bitirmişdi. Həmin ərəfədə üzdə olan oyunçulardan yalnız ;mən qalmışdım. Milliyə yeni simalar cəlb olunurdu. Bəlkə də o dönəmdə köhnə nəsildən ;yeganə futbolçu olduğum üçün ;o səhv mənim adıma yazıldı. Kimin neçə dəfə avtoqol etməsi mənim maraq dairəmdə deyil. Bilirəm ki, nə qədər futbol var, səhvlər də olacaq. Qarışıqlıqda top başa və ya ayağa dəyib qapıdan keçə bilər".

Əhmədovun sözlərinə görə, bu hadisəyə görə uzun müddət stress keçirib: "Açığı, futboldan getmək istəyirdim. Dönəm elə idi ki, insanların futbol baxışı tamamilə dəyişirdi. Bizim nələr çəkdiyimizi heç kim bilmirdi. "Avtoqol" ləqəbi mənə verilsə də, bizdə öz qapısına daha çox qol vuran futbolçular var. Deyirlər, Rəşad Sadıqov 4 dəfə avtoqol edib. Amma biz futbolçunun öz qapısına vurduğu qolları yox, futbolumuz üçün etdiklərini deməliyik. Tərlanın 1, Rəşadın 4 səhvinə yox, oyunlarımıza qiymət vermək lazımdır. Lakin onu da deyim ki, bu səhv, ləqəb mənə nə qədər pis təsir bağışlasa da, ;bir o qədər reklam oldu. Məni daha çox gündəmə gətirdi. Görünür, belə olmağı məqsədəuyğun imiş".