Ürək-damar xəstələri yay aylarında nələrə diqqət

“Memorial Sağlık Group”un kardioloqu, Dos. Dr. İmran Önür COVID-19 infeksiyasının ürək xəstələrinin vəziyyətini ağırlaşdırdığını deyib.

Ürək-damar xəstələri yay aylarında nələrə diqqət

“Memorial Sağlık Group”un kardioloqu, Dos. Dr. İmran Önür COVID-19 infeksiyasının ürək xəstələrinin vəziyyətini ağırlaşdırdığını deyib.

Publika.az-a müsahibə verən mütəxəssis hesab edir ki, dünyanı cənginə alan pandemiya insanların həyat tərzinin dəyişməsinə və bir çox vərdişlərindən imtina etməsinə yol açacaq. Kardioloq eyni zamanda son dövrlərdə ürək-damar xəstəliklərinin gənclər arasında geniş yayılmasının səbəblərinə toxunub.

- Bir çox sağlamlıq təşkilatlarının araşdırmaları müəyyən edib ki, karantindən sonra ürək xəstələrinin sayı arta bilər. Buna səbəb olan amilləri izah edə bilərsiniz?

- Bu dönəmdə xüsusən 65 yaşdan yuxarı xəstələr xəstəxanalardan, dolayısı ilə müalicədən uzaq qaldı, bəzi xəstələrin müalicəsi yarımçıq qaldı və ya aparılmadı. Bundan başqa COVID-19 səbəbilə vücudda meydana gələn proseslərin bəzilərinin hədəfi ürək və damarlardır. Bu pandemiyadan sonra həm əvvəlcədən mövcud olan ürək-damar xəstəlikləri davam edəcək, həm də yeni diaqnozların artması səbəbindən ürək-damar xəstəliklərinin çoxalmasını, ya da pisləşəcəyini gözləyirik.

- Ürək-damar xəstəlikləri və infarkt əsasən hansı mövsümdə şiddətlənir?

- İnfarkt və ürək xəstəliklərinin şiddətlənməsi mövsümlərdən asılı deyil, bununla belə infarkt və insult riskinin əsasən səhər saatlarında baş verdiyi məlumdur. Eyni zamanda havaların soyuması həm təzyiqin yüksəlməsinə, həm də infeksiyalara bağlı olaraq ürək çatışmazlığı hallarının artmasına səbəb olur. Yay aylarında ilk növbədə təzyiqin səviyyəsinə diqqət etmək lazımdır. Maye itkisinə bağlı olaraq təzyiqin aşağı düşməsi, huşunu itirmək kimi hallara daha tez-tez rast gəlinir.

- Harvard alimlərinin araşdırmalarına əsasən, ürək üçün ən faydalı məhsul qozdur. Siz bu barədə nə deyə bilərsiniz, qozun ürək sağlamlığında hər hansı rolu varmı?

- Qoz və ya bitki tərkibli dərmanların hər hansı təsiri təsdiqlənməyib. Biz xəstələrə on minlərlə xəstə üzərində sınaqdan keçirilmiş və faydalı olduğu sübut olunmuş dərmanları yazırıq. Qoz da dərman bitkisidir, lakin hər xəstəyə faydalı olub-olmadığı sual altındadır. Odur ki, bu barədə konkret fikir söyləmək doğru olmaz.

- Ürək sağlamlığının qorunmasında qidalanma tərzi nə qədər vacibdir?

- Qidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var. Məşq və pəhriz aparıcıdır. Həftədə minimum 150 dəqiqə sürətli tempdə gəzmək kifayətdir. İstər həftədə 75 dəqiqə, istərsə də 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olun, buna özünüz qərar verin və həyat tərzinə çevirin.

Ürək-damar xəstələrinə əsasən Aralıq dənizi pəhrizini məsləhət görürük, buraya tərəvəz və meyvələr daxildir, qırmızı əti mümkün qədər azaldın.

Burada iki qidalanma tərzini xüsusilə vurğulamalıyıq: Birincisi, duzun miqdarını azaltmaq lazımdır. Duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığına, infarkta və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək. Digər vacib məqam yağsız yeməklərdir. Əsasən qızartma yeməklərdən uzaq durmağa çalışın, yağlı yeməklər damar divarlarında lövhələrin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insult yaranması riskini artırır. Qırmızı ət və ya digər qidalar yeyərkən, qızartmaq əvəzinə qaynatmağı və ya sobada bişirməyi məsləhət görürük.

- Ürək-damar xəstəliklərinin gənclər arasında cavanlaşmasının səbəblərini nədə görürsünüz?

- Ürək xəstəliklərinin gənclərdə daha çox görünməsinin səbəbi qidalanma vərdişlərinin dəyişməsi, daha az idmanla məşğul olmaları və stressdir. Əvvəlki illərlə müqayisədə fəstfud qidalanma tərzi geniş vüsət alıb, bu da gənclərin daha çox doymuş yağ ehtiva edən yeməklərə üstünlük verməsinə yol açır. Nəticədə ürək-damar xəstələrinin artmasına səbəb olur. Digər səbəb insanların gündəlik fəaliyyətlərinin azalması və buna bağlı olaraq meydana gələn köklük problemidir. Köklük və piylənmə kimi problemlər də ürək xəstəliklərinin yaranmasına yol açır. Meqapolislərdə tıxac, hava çirklənməsi kimi əlavə təsirlər stressə səbəb olur, gənc yaşda ürək-damar xəstəliklərinin riskini artırır.

- Sizcə, bütün dünyanı cənginə alan pandemiya həyatımızda nələri dəyişdi? Bundan sonra sağlamlığımızın qeydinə qalmağı öyrənə biləcəyik?

- Koronavirus pandemiyası gigiyenanın nə qədər önəmli olduğunu bəşəriyyətə bir daha xatırlatdı. Gigiyenanın vacibliyini anladıq. Artıq hər kəs sosial məsafə saxlamaq və maska taxmaq məcburiyyətindədir. Həkimlərin rolunu anlamağa kömək etdi. Hesab edirəm ki, bir müddət belə yaşamağa davam edəcəyik.

- COVID-19 infeksiyası ürək xəstələrinin vəziyyətinə hansı istiqamətdə təsir edir?

- COVID-19 xəstəliyinin hədəflərindən biri ürək və damarlardır. Həm xəstəliyin özü, həm də bədəndə yaratdığı təsirlər ürək xəstələrinin vəziyyətini ağırlaşdırır. Daha dəqiq desəm, ürək çatışmazlığını ağırlaşdırır və bədəndə obstruktiv laxtalanmaya, damarların tıxanmasına səbəb olur.Peyk.Az

Peyk.Az